İş müraciətlərindən rədd cavabı aldıqda dərhal hər kəs mütəəssir olur. Üstəlik, ətrafdakıların da “nə etdin?”, “iş tapa bildinmi?” kimi sualları, “ürəyini sıxma”, “qismət” kimi təsəlliləri daha çox cansıxıcı olur. Bəs bir an əvvəl iş tapmaq istəyənlərin nə etməsi lazımdır? Gəlin biraz bu barədə danışaq.
İşsizkən iş axtarmaq maddi və ya mənəvi cəhətdən olduqca çətin və yorucu bir prosesdir. Elanlara müraciət edirsiniz, amma heç bir şəkildə müsbət cavab ala bilmirsiniz. Getdikcə əhvalınız pozulur, ümidləriniz azalır. Bu prosesdə əvvəlcə qulaqlarınızı neqativlərə bağlı edin və söylənənləri eşitməzdən gəlin. Ümidsizliyə qapılmayın! Özünüz də daxil olmaqla, kimsənin sizi dibə çəkməsinə icazə verməyin!
Bəs iş axtarmağa başlayarkən ilk olaraq nə etməlisiniz?
- Güclü tərəflərinizi, bilik və bacarıqlarınızı, edə biləcəklərinizi və uğurlarınızı kəşf edin.
- Qısa, orta və uzunmüddətli hədəflərinizi müəyyən edin və bunları hazır tutun.
- Tərcümeyi-halınızı hədəflərinizə görə yaradın və hazır saxlayın.
- İnkişafınıza diqqət yetirin, bacarıqlarınızı möhkəmləndirin və özünüzə maya qoyun.
- “B planını” hazırlayın.
- Müsahibələrə hazırlaşın.
- İş müraciətlərinə diqqət yetirin.
Bəs yuxarıdakı maddələrdən əlavə iş axtararkən başqa nələr edə bilərsiniz?
Şəbəkənizi gücləndirin
Əvvəlcə iş tapmaq üçün sizdə fikir yaradacaq, yol göstərəcək, referans olacaq bütün iş və sosial dairənizin siyahısını çıxarın. Hədəfinizə görə iş tapmaqda sizə dəstək olacaq, istiqamət göstərəcək insanlarla ünsiyyətə keçin. Bunu nəzərə alaraq şəbəkənizi (network) genişləndirin və İR mütəxəssisləri, yaxud hədəfinizə uyğun adamlarla əlaqə yaradın. Əlaqə qurarkən nə üçün əlaqə qurmaq istədiyinizi vurğulamağı unutmayın.
Qapı – paqı gəzməkdən çəkinməyin
İşləmək istədiyiniz sektorda, yaxud mövqedə olan insanlarla ünsiyyətə keçin. Məsələn, bu adamları qəhvə içməyə və ya səhər yeməyinə dəvət edə bilərsiniz. Cəsarətli və inandırıcı olmağa və niyyətinizi açıq şəkildə ifadə etməyə çalışın. Bu insanlarla ünsiyyət qurmazdan əvvəl özünüzü daha yaxşı necə ifadə edəcəyinizi düşünün. Suallarınızı hazırlayın. Suallar sektora, o işin incəliklərinə, üstünlüklərinə, sahib olunması lazım olan bilik və bacarıqlara uyğun olmalıdır. Qarşınızdakı adamda “İş axtarıram” hissini yox, “Çox güclü cəhətlərim və xüsusiyyətlərim var, bu işə və sizə uyğunam” hissini yaradın. Peşəkar olduğunuzu hiss etdirin. Bu görüşdən sonra, bəlkə də, yeni bir fürsət yarana bilər; sizi çalışdığı firmanın İR peşəkarına təqdim edə və ya boşalan iş yeri olanda sizə xəbər verə bilər. Bundan başqa, daha əvvəl birlikdə çalışdığınız iş yoldaşlarınızla və rəhbərlərinizlə görüşə bilərsiniz. Beləliklə, həm özünüzü xatırladar, həm də iş axtarışı ilə bağlı onlardan ideya və ya təklif ala bilərsiniz.
Təşəbbüskar olun
İş müraciəti edəndə, orada çalışan İR mütəxəssisləri və ya digər şəxslərlə əlaqə yaratmağa çalışın. Şirkətdə tanışınız və ya tanışınızın tanışı çalışa bilər. İR peşəkarına və ya müvafiq şöbənin rəhbərinə CV-nizi şəxsən əlbəəl təqdim etməyiniz işi sürətləndirər. Bu həm də üzərinizə əlavə diqqətin fokuslanmasını təmin edə bilər. Bu şəkildə verəcəyiniz CV mütləq xüsusi olaraq o şirkətə uyğun hazırlamalıdır!
CV-nizi İR mütəxəssisinə çatdırın
CV-nizi İR-ə göndərin. Lazım gələrsə, İR-ın işçiləri ilə telefon əlaqəsi yaradaraq onların e-poçtunu öyrənin. Elektron poçt göndərərkən də mail-də “mən bu işi bacarıram və sizə uyğunam” mesajını peşəkar dildə hiss etdirməyiniz çox əhəmiyyətlidir.
CV-nizin İR mütəxəssisinə çatıb-çatmadığını öyrənmək üçün də şirkətə zəng vura, hətta telefonda tərcümeyi-halınızın o şirkət üçün uyğun olub-olmadığını soruşa bilərsiniz. Ancaq bunu edərkən mənfi bir cavab eşitməyə də hazır olmalısınız. Əgər mənfi bir cavab eşitsəniz, bu cavabı heç vaxt fərdiləşdirməyin və özünüzü pis hiss etməyin. Əksinə, “necə daha yaxşı ola bələrəm” sualı üzərində düşünün.
Sosial şəbəkələrdən effektiv istifadə edin
Sosial şəbəkələr artıq işçilərin işdən çıxmasına səbəb olursa, niyə işə alınmasına səbəb olmasın? Paylaşımlarınıza diqqət etməlisiniz. Unutmayın ki, paylaşımlarınız sizi təmsil edir, barənizdə fikir yaradır. Eyni zamanda sosial şəbəkələrdə sizi bir işə yönəldəcək şəxslər çıxa bilər. Gözüaçıq olun. Bu insanlarla ünsiyyətə keçin və onların diqqətini çəkəcək paylaşımlar etməyə çalışın. Bir də gördüz ki, iş təklifi almısız, nə bilmək olar?
Hədəfinizə uyğun QHT-lərdə çalışın
İşləmək istədiyiniz sahəyə və hədəflərinizə uyğun olan qeyri-hökumət təşkilatlarında könüllü olaraq çalışa bilərsiniz. QHT-lər bir çox peşəkarla tanış ola biləcəyiniz, ünsiyyət yaradacağınız və özünüzü göstərə biləcəyiniz yerlər arasındadır. Burada kritik məqam odur ki, “onsuz da könüllüyəm” deyərək işinizi yarımçıq atmayın – başladığınız işi mütləq başa çatırın. Gələcəkdə faydalı ola biləcək insanlarla əlaqə yaratmağa, yaxşı təəssüratla yadda qalmağa çalışın.
Bundan başqa, özünəinam və pozitiv düşüncə ilə ünsiyyət qurmağa diqqət göstərin. Kimin harada qarşınıza çıxacağı məlum olmaz… İş axtarma prosesinə diqqət yetirin, hətta işiniz ancaq bu olsun. Nəticəni zamanın ixtiyarına buraxın, işə başlayacağın zamanı səbirlə gözləyin və heç vaxt usanmayın. Tək bir mövqe üzərində israr etmək əvəzinə, ehtiyat planlarınız üçün də iş axtarma prosesini davam etdirin. Nəyi gözləyirsiniz? Bu andan etibarən özünüzü yeniləyin və yeni fikirlərlə iş axtarmağa başlayın!