Maaş artımı barədə düzgün müraciətin yolları.

İşinizi itirmədən rəhbərinizlə maaş artımı barədə necə danışmalısınız? Adətən artım istəyən işçilərin yarısı hədəfinə çatır. Yəni ən sadə yol – istəməkdir. Amma bunu ağılla etməlisiniz.

Maaş artımı üçün məqamı düzgün seçin

Maaş artımı istəmək çətin olsa da, bəzən belə məcburiyyət yaranır. Bu halda çox da stresə düşməyin. Fədəkar və uğurlu bir işçi olduğunuzdan əminsinizsə və mövqeyinizi kifayət qədər əsaslı sayırsınzsa ən uyğun zamanda artım tələbini qaldırmalısınız.  İnkişaf etmiş ölkələrdə artım barədə xatırlatma əmək mədəniyyətinin elementlərindən biridir. Uğurlu nəticə üçün bir neçə faktoru nəzərə alın:

  • Təmkinli olun. Emosianal durumunuzdan əmin deyilsinizsə, söhbəti ertəliyin. Qaynar başla deyilmiş bir neçə cümlə işinizə əngəl olacaq və işgüzar reputasiyanıza ziyan vuracaq.
  • Rəhbərliyin də əhval-ruhiyyəsi yaxşı olmalıdır.
  • Şirkətin maliyyə durumu maaş artımına uyğundur, yəni satış və ya maliyyyələşmə problemləri yoxdur.
  • Son zamanlar işinizdə heç bir uğursuzluq olmayıb, əks təqdirdə maaş artımının əsaslandırmaq çətin olacaq.
  • Rəhbərinizin başı qarışıq olmamalıdır. Qızğın iş zamanı müraciətiniz mənasız olacaq, ciddiyə alınmayacaq və hətta neqativ qarşılanacaq.
  • Ümumiyyətlə maaş artımı məsələsi performans görüşlərində danışılır. Menecer və işçi ümumi qiymətləndirmədən sonra gözləntilərini təqdim edir. Belə bir imkan, uğurlarınız haqqında danışmaq və tələblərinizi ifadə etmək üçün ən uyğun bir şəraitdir.
  • Ən yaxşısı isə, müraciətinizi yazılı formada verin. Rəhbərliyə çatdırmaq istədiyiniz məlumat şifahi olduqda qismən unudulur. Yazılı müraciəti isə adətən müxtəlif vaxtlarda dəfələrlə oxuyurlar. Bu halda heç bir məqam gözdən yayınmaz. Bu halda siz həm də lazımsız həyacandan azad olursuz, emosiyaların yarada biləcəyi fəsadlardan sığortalanırsız. Məktubunuz pozitiv fikirlər üzərindən qurulmalıdır. Şirkətiniz və rəhbəriniz barədə xoş sözlərin nəticəyə mühüm təsiri var.
  • Müraciəti düzgün adama edin. Barənizdə real qərar verən şəxsi müəyyən edin – birbaşa müdiriniz, yuxarı rəhbərlik, yoxsa HR menecer. Qərar bir neçə nəfərdən asılıdırsa, müsbət qərara meyilli şəxsə yönəlin. Amma yaddan çıxarmayın ki, subordinasiyanı pozaraq birbaşa rəhbərin başının üstündən edilmiş müraciət onu sizə qarşı kinləndirə bilər və bu son qərara təsirsiz ötüşməyəcək.

Suallara hazır olun

Maaş artımı tələb etməzdən öncə, oxşar vəzifələrdə işləyən insanların əmək haqqları və maaş artımları barədə məlumatlanın. Vəziyyəti düzgün qiymətləndirərək tələbinizi bu məlumata uyğunlaşdırsaz, istəyinizə çatma ehtimalı kəskin artacaq.

Müsahibədə meneceriniz sizə bir çox sual verə bilər. Özünüzü onun yerinə qoyun. Bu sualların nə ola biləcəyini düşünün, cavablarınızı hazırlayıb gözləyin. İnamlı cavablar qarşı tərəfə də müsbət təsir göstərəcəkdir.  Düzgün arqumentlər:

  • İşiniz artıb. İşə düzələndən indiyə dək işiniz xeyli artıbsa, əmək haqqınızı 20-30% artırmaq şansınız var. Əvəzində işəgötürən bunun üçün əlavə işçi götürməkdən azad olur.
  • Oxşar vəzifədə kolleqalarınız sizdən artıq qazanır. Sizdən sonra işə qəbul olunmuş eyni iş yükü olan əməkdaşlara sizdən artıq maaş ödənilirsə tələbinizi əsaslandırmaq çətin olmayacaq. Amma digər tərəfdən, burada etik məqamlar da var – sizin maaşın kolleqanızın əmək haqqısı ilə heç bir məntiqi asılılığı yoxdur. Ola bilər ki, onun qazancı həqiqətən də real nailiyyətlərinə uyğundur.
  • Şirkətə çox faydalısınız. Sizin faydalı olmağınızın meyarı şirkətin qazancıdır. Peşənizlə şirkətin göstəriciləri arasında düzgün asılılığı müəyyən edin və rəqəmlərlə danışmağa çalışın. Nailiyyətlərinizi ölçülə bilən nəticələr kimi təqdim etməlisiniz.
  • Daha çox işləməyə hazırsınız. Təcrübəniz artıqca işinizin öhdəsindən daha tez gələcəksiniz və əlavə işlər üçün vaxtınız qalacaq. Qazancınız işinizə uyğundursa, rəhbərlikdən iş yükünüzü və ona uyğun maaşınızı artırmağı xahiş edin.
  • Yüksək maaşlı iş təklifiniz var. Rəhbərinizə bildirin ki, şirkətə sevginiz, loyallığınız, bağlılığınıza baxmayaraq istəmədən daha yüksək təklifə görə şirkəti tərk etmək məcburiyyətindəsiniz. Ən əsası – heç bir halda şantaja keçməyin. Bir də nəzərə alın ki, bu arqument yalnız bir dəfə keçərlidir. Növbəti dəfə işinizi itirmə şansınız kəskin artacaq.

Faydalı olun və uğurlarınızın  dilə gətirin

Heç bir şey etmədən nəsə almağa çalışmaq həyatın heç bir sahəsində mümkün deyil. İşinizdə kifayət qədər faydalı olmadan əlavə gözləntilərinizi bildirsəz, məyyus olacaqsınız. Buna görə daim fəaliyyətinizin keyfiyyətini artırın, cavabdehlikdən çəkinməyin, təşəbbüskar olun və nəinki gəlirinizin, hətta vəzifənizin artım ehtimalı yaranacaq.

Digər tərəfdən qazandığınız uğurları barədə susmayın, uyğun məqamlarda qeyd etməyə çalışın. Müsahibə günü gələndə uğurunuzu və şirkətə qatdığınız əlavə dəyəri vurğulayın. Belə halda maaş artımı barədə istəyiniz yersiz səslənməyəcək.

Maaş artımı olmazsa?

Geri çəkilmək üçün də yol saxlayın. Səs artırmayın. Təziq göstərməyin. Daimi narazılıqla və işdən çıxmaq hədələrinizlə yerinizi soyutmayın. Bu halda siz sakitçə işinizi davam edə biləcəksiniz və real şans yarandıqda məsələnin təkrar gündəmə gəlməsi ehtimalı artacaq. Lakin bu ehtimallar yox səviyyəsindədirsə – səssizcə yeni iş axtarışı barədə düşünün. Daha tez iş tapmaq üçün məsləhətə ehtiyacınız varsa, bu barədə məqaləmizi oxuya bilərsiniz: Daha tez iş tapmaq üçün nə etmək lazımdır?